Ölkəmizdə 2017-ci ilin əvvəlindən Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın pilot layihəsinin icrasına başlanılacaq. Bu layihəni Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində uğurla həyata keçirməyi düşünürük. Pilot layihənin nəticələrinə əsasən, ölkə rəhbərliyinin qərarına uyğun olaraq tibbi sığortanın mərhələli və ya tam şəkildə ölkə üzrə tətbiqinə başlanılacaq. Biz pilot layihənin uğurlu olacağına, tezliklə icbari tibbi sığortanın Azərbaycan üzrə tətbiq ediləcəyinə inanırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Z.Əliyev bildirib ki, icbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyə potensialını gücləndirməkdir. Bu sistem tətbiq edildikdən sonra tibb müəssisələrinə göstərdikləri xidmətlərə uyğun vəsait ayrılacaq. Bu da öz növbəsində tibb müəssisələrinin daha da inkişafına təkan verəcək.


MƏNBƏ: REALPRESS