Səhiyyə Nazirliyində “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2016-cı ildə nazirlik tərəfindən “Elektron Səhiyyə” xidmətləri üzrə görülmüş işlərə dair tədbir keçirilib.

Səhiyyə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı il ərzində elektron xidmətlər üzrə bir sıra işlər görülüb. Belə ki, “Mərkəzləşmiş işə qəbul” elektron xidmətinin proqram təminatı yeni qaydalara uyğun olaraq yenidən hazırlanmış və tətbiq edilib, sertifikasiya şəhadətnaməsinin gücləndirilmiş elektron imza ilə imzalanması və ərizəçiyə elektron formada göndərilməsi təmin edilib.

Yeni elektron xidmət olan “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna elektron qeydiyyat”ın proqram təminatı hazırlanaraq tətbiq edilib. Hazırda isə “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətinin proqram təminatının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Elektron xidmətin yeni versiyada istifadəyə verilməsi 2016-cı ilin sonuna nəzərdə tutulub.

“Elektron xidmət növlərinin Siyahısı”nda göstərilmiş 38 elektron xidmətdən 35-i Səhiyyə Nazirliyi tərəfindən elektronlaşdırılıb. Bu xidmətlərin 33-ü “Elektron hökumət” portalına inteqrasiya edilib. Digər iki elektron xidmətin inteqrasiya olunması istiqamətində işlər aparılır.

Bu il ərzində bir sıra elektron xidmətin təşkili zamanı tələb olunan sənədlərin sayı azaldılıb. Hazırda “Elektron Səhiyyə” rəsmi Facebook səhifəsi mövcuddur və aktiv fəaliyyətdədir. Bundan əlavə, “Elektron Səhiyyə” portalında onlayn konsultasiya xidməti yaradılıb. Səhiyyə Nazirliyinin rəsmi internet saytının və “Elektron Səhiyyə” portalının mobil versiyalarının hazırlanması 2017-ci ilə nəzərdə tutulub.